“Onsuz da nə danışsaq anlamır, çox balacadır”
“İşim çox, onunla danışıb söhbət eləməyə zamanım qalmır”
“İşimi görə görə uzaqdan da olsa danışıram, onunla”
“Ekranla başı qarışır, telefonu görəndə sevinir”
Sonra da 2-3 yaşına çatanda, “Dr, bu uşaq autizm ola bilər?Göz təması qurmur, heç bir söz demir, danışmır, adına reaksiya vermir” deyə narahatlıqlar başlayır və təəsüf ki çox zaman gec qalınmış olur. Uşaqda nitq inkişaf geriliyi çoxdan yaranıb. Bundan sonra da qalırıq aylarla inkişaf mərkəzlərinin yolunda…
Dəyərli analar! Övladınızın nitq inkişafının normal olması üçün onlarla taa bətninizdə ikən, hamiləlikdən etibarən söhbət etməyə, təmas qurmağa başlamalısınız. Dünyaya gəldiyi gündən onunla göz gözə, üz üzə bol bol söhbət etməlisiniz. Düşünməyin, onsuz anlamır. Onlar hər şeyi, anlayır, eşidir, bilir, öyrənir. Körpənin yanında, ona xitabən olmasa belə edilən hər söhbət, deyilən hər söz uşağın bilincaltına yerləşir. Uşağın nitq inkişafının normal olması üçün onunla tək dildə, göz təması quraraq bol bol söhbət etməyə çalışın.
-6 həftəsində ikən körpə siz onunla danışanda gülümsəməli
-2-3 ayında müxtəlif səslər çıxararaq, gülərək sizə cavab verməli. (Videodakı kimi)
-5-6 aylarında “aaa,uuu” tipli sait səslər çıxarmalı.
-8-9 aylarında samitli hecaları təkrar etməli. “Ba, ma, da,” kimi. “Ci” tipli oyunlar oynamalı. Əl çalmaq və s kimi jestləri təkrarlamalı.
- 1 yaşında 1-2 söz anlayaraq deməli. Adına dönüb baxmalı. İstəmədiyi, istədiyi şeyləri jestləri ilə anlatmağı bacarmalı.
-18 -24 aylarında 15-20 tək söz deməli, əmrləri anlayaraq icra etməli, (qapını ört, topu at), öz cizgilərini tanıyaraq göstərməyi bacarmalıdır.
-29-30 aylarında 2 sözlü sadə cümlələr qurmalıdır. “Su ver, mənə ver, gəl gedək” kimi.
-3 yaşında 3 sözlü cümlələr deməli.
-4 yaşda qısa hekayələr anlatmalıdır.
Bu yaşlarında hələ də deyilənləri bacarmayan övladınız varsa bu problemin vaxtında fərqinə varmalı,mütəxəssisə müraciət etməli, övladınızla çoxlu ünsiyyət qurmalı, nitq inkişafına bağçaların çox faydası olduğu üçün yaşı uyğundursa uşağı bağçaya qoymalı, 3 yaşa qədər övladınızı qətiyyən ekran qarşısında oturtmamalısınız.