Bronxial astma, atopik dermatit, allergik rinit allergik xəstəliklər hesab edilir. Bəzi statistik məlumatlara əsasən dünyada hər dörd uşaqdan biri müxtəlif maddələrə qarşı allergiyadan əziyyət çəkir. Allerqiyanın ən qorxulu forması – anafilaktik şok. Anafilaktik şok – bütün həyati vacib orqanların zədələnməsi ilə gedən çox sürətli allergik reaksiyadır. Anafilaktik şok ancaq allergik uşaqda deyil, sağlam uşaqda da baş verə bilər. Ancaq, allergik uşaqda anafilaktik şokun başvermə təhlükəsi, əlbəttə ki, sağlam uşaqda olan təhlükədən daha çoxdur.
Allergiyaya meyllilik – irsi faktor hesab edilir. Ancaq tam sağlam olan valideynlərin heç birində allergiya olmadığı halda da, onların övladlarında müəyyən zərərli faktorların təsiri nəticəsində allergiya inkişaf edə bilər. Uşaqlarda allergiyanın profilaktikasını ana hamilə olandan bəri başlamaq lazımdır. Gələcəkdə ana olmağa hazırlaşan qadın hamiləlik dövrünün toksikozlarını və digər müxtəlif xəstəliklərini vaxtında müalicə etməlidir. İstənilən allergenə qarşı (dərman, toz, qida və s.) allergiyası olan uşağın otağı hipoallergen olmalıdır. Allergiyaya meylli olan azyaşlı uşaqlar üçün ev heyvanları çox təhlükəli hesab edilir. Ev heyvanı nə qədər yaxşı saxlansa da öz tükünün, yununun, lələyinin və s. kiçik hissəciklərini otağın sahəsi boyunca yaymış olur. Ona görə də evdə uşaq varsa (xüsusən də allergik uşaq), ev heyvanlarının saxlanmasından, ümumiyyətlə, imtina etmək lazımdır.
Bir çox hallarda allergik uşaqları açıq havada da qorumaq lazım gəlir. Bu xüsusən bitkilərin aktiv şəkildə çiçəkləndiyi zaman havada xeyli miqdarda çiçək tozcuqları olduğu yaz fəslinə aiddir. Bu tozcuqlar isə, məlum olduğu kimi, çox təhlükəli allergen hesab edilirlər.
Allergiyası olan uşaq üçün bəzi dərman preparatları (antibiotiklər, vitaminlər və s.) çox təhlükəli ola bilər. Zülalı əsasa malik olduqlarına görə belə uşaqlar üçün peyvəndlər də potensial təhlükəli hesab edilir. Ancaq bu heç də o demək deyil ki, allergik uşaqların valideynləri profilaktik peyvəndlərin vurulmasından, ümumiyyətlə, imtina etməlidirlər.
Uşağın tez-tez xəstələnməsi (xüsusən da KRVİ və mədə-bağırsaq infeksiyaları ilə) allergiyanın inkişaf etməsinə təkan verə bilər.
Allergiyası olan uşaq qrip, KRVİ və s. ilə yoluxmuş olarsa, ana dərman seçimində həddən artıq diqqətli olmalıdır. Uşağında allergiya olan hər bir anada nə vaxtsa uşagında allergiyaya səbəb olmuş preparatların siyahısı olmalıdır. Bu siyahı mütləq uşağa müalicə təyin edən hər bir həkimə göstərilməlidir. Uşağa çoxtərkibli dərmanların verilməsindən mümkün qədər imtina etmək lazımdır. Çünki allergiyanın baş verə biləcəyi halda, bu tərkib hissələrindən hansının allergen olduğunu müəyyən etmək mümkün olmayacaqdır. Xardal kağızı, kəskin iyi olan hər bir sürtkü vasitəsi, tərkibində bal olan preparatların allergiyası olan uşaqlarda istifadə edilməsi qəti səkildə yolverilməzdir.