Uşaqların ehtiyacı olan yuxu müddəti dəyişkən ola bilər. Valideynlərin ən vacib vəzifəsi uşaqlarına erkən yaşda düzgün yuxu rejimini qurmaqdır. Yetərsiz və keyfiyyətsiz yuxu gün içərisində uşağın yuxulu hiss etməsinə, öyrənmə , yaddaş , diqqətə mənfi təsir edir. Eyni zamanda hiperaktivlik, tez əsəbləşmə kimi anormal davranışlara səbəb olur. Kardiovaskulyar sisteme, endokrin sistemə , metabolik sistemə, immun sistemə da mənfi təsir edir.
Yuxu hormonu melatonin qaranlıqda ifraz olunur. Axşam saatlarında çox işıq və ekrana məruz qalan uşaqlarda bu hormonun sintezi pozulur. Böyümə hormonu sintezi tipik olaraq yuxunun ilk saatlarında ifraz olunur. Düzənli və yetərli yuxu böyümə hormonunun düzgün sintezində rol oynayır.
Yaşlara görə normal yuxu müddətləri:
0-3 ay 14-17 saat ‹11 saat, ›19 saat
4-11 ay 12-15 saat ‹10 saat, ›18 saat
1-2 yaş 11-14 saat ‹9 saat, ›16 saat
3-5 yaş 10-13 saat ‹8 saat, ›14saat
6-13 yaş 9-11 saat ‹7saat, ›12 saat
14-17 yaş 8-10 saat ‹7saat, ›11
Yenidoğulmuşların yuxusu düzənli olmur, 1-2 qısa-qısa yuxular şəklində gün ərzində 16-17 saat yatırlar. Uşaq böyüdükcə yuxu müddəti də qısalır. Körpələrdə (2 yaşdan kiçik) yuxu rejimi üçün məsləhətlər:
• Körpəni mümkün qədər sakit və az işıqlı otaqda yatırmaq
• Gecəyarısı uşağı qidalandırmaq və ya altını dəyişdirmək üçün tez-tez yuxudan oyatmamaq
• Körpənin özünün yuxuya getməsinə şərait yaratmaq. Yatana qədər qucaqlamaq, yelləmək kimi vərdişlərdən uzaq durmaq
•6 ay, ən gec 1 yaşdan sonra gecə qidalandırmamaq.
• İlk aylarda körpəni əmizdirərək yuxuya getməsi məsləhətlidir. Lakin sonralar əmizdirdikdən sonra köpünü çıxarıb yatağa qoyularaq özünün yuxuya getməsinə şərait yaratmaq lazımdır
• Əmziklə yatağa qoymaq məsləhətli deyil
• 4-6 aylıq körpələri oyanan zaman tez müdaxilə etməmək , biraz gözləmək lazımdır ki ola bilsin özü yenidən yuxuya gedəcəkdir.
•AUÖS( ani uşaq ölümü sindromu ) qarşısını almaq üçün sağlam uşaqların arxası üstdə yatmağı uyğun görülür.
Məktəbəqədər və nisbətən böyük yaşlı uşaqlar üçün yuxu məsləhətləri:
• Yuxuya getmədən öncə sakit bir rutin olmalıdır: kitab oxumaq, duş qəbulu və s. kimi rutinlər düzəltmək olar
• Dəyişməyən yuxu planı olmalıdır. Eyni saatlarda yatıb , eyni saatlarda oyanmaq
• Uşağın ən sevdiyi oyuncaq və ya əşyasını yanında saxlayıb yatmağına icazə vermək
• Uşağın rahat olduğundan əmin olmaq lazımdır. Otağın temperaturunu 22-23 dərəcədə tutmaq, yuxu paltarları rahat olmalı, gecə lampası açıq qala bilər, otağın qapısını da açıq qoymaq olar
• Uşağın 2 yaşdan sonra valideynlərlə birgə yatmasına icazə vermək olmaz
• Uşağın yuxuya getməsi üçün dərman vasitələri də istifadə etmək olmaz. Bu tip dərmanlar uşaqda gecə qorxularına və digər yuxu pozğunluqlarına səbəb ola bilər
• Yataq otağında elektronik əşyalara icazə vermək olmaz.
• Yatmadan öncə uşağı çətin həzm olunan qidalarla qidalandırmaq olmaz
• Yaxşı yatması üçün uşağın hər yaşda bol bol açıq havada olmasına diqqət etmək lazımdır.