Uşaqların böyümə və inkişafında ən önəmli minerallardan olan dəmir azlığına diqqət edilməlidir.Dəmir azlığı müalicə edilmədikdə həm uşağın fiziki inkişafına, həm də zehini inkişafına mənfi təsir göstərir və həm də anemiyaya (qan azlığına) səbəb olur.
Dəmir azlığının səbəbləri:
• Vaxtından əvvəl doğulma
• Aşağı doğum çəkisi
• İlk 12 ayda inək südü verilməsi
• Ana südü ilə qidalanan körpələrdə 6-cı aydan dəmirlə zəngin əlavə qida verilməməsi və 4 ayından etibarən profilaktik dəmir verilməməsi
• 1-5 yaş arası gündə 750 ml-dən çox inək/keçi südü istifadəsi
• Xronik xəstəliklər
• Gənc qizlarda aybaşı zamanı çox qan itirilməsi və s
Dəmir əksikliyinin əlamətləri: -halsızlıq, narahatlıq, tez yorulma, iştahasızlıq, rəngin avazıması, üşümə, dilin üzərində yaralar, tez-tez infeksiya keçirilməsi, taxikardiya, davranış problemləri, məktəb fəaliyyətində azalma, yaddaş zəifliyi, buz, torpaq, gil kimi maddələri yeməyə meyllilik, yuxu problemləri və s. Bu əlamətlər görüldükdə həkimə müraciət etmək lazımdır.
Dəmir azlığınının diaqnozunu sadə bir test olan qanın ümumi analizi vasitəsilə qoymaq olar. Erkən diaqnoz üçün düzənli aralıqlarla qan testi baxılmalıdır. Erkən doğulmuş və aşağı doğum çəkili körpələrin 4-6 - cı aylarda, vaxtında doğulmuşlarda isə 6-9 -cu aylarda qan testi olunmalıdır. Əgər qan azlığı müşahidə olunarsa dəmir müalicəsi başlanılmalıdır. Uşağın çəkisinə uyğun şəkildə dəmir tərkibli dərmanlar və dieta təyin olunmalıdır. Dəmirin daha yaxşı sorulması üçün C vitamini ilə zəngin qidalarla birgə qəbuli məsləhətdir. Müalicə 3-6 ay müddətinə, dəmir azlığının dərəcəsinə əsasən təyin edilir və müalicə sonunda isə təkrar qan testi olunmalıdır. Dəmir müalicəsinə bağlı dişlərdə ləkələnmə və nəcisdə qaralma müşahidə oluna bilər və bu hallar müvəqqətidir.Süd məhsulları dəmirin sorulmasını pisləşdirdiyi üçün bu qidalarla birgə alınmamasına diqqət edilməlidir.
Qarşısının alınması üçün uşaqlara dəmirlə zəngin qidalar; heyvani məhsullar, ət, qaraciyər, yumurta və s, yedirməyə çalışılmalı, zərərli yemək alışqanlıqları, çay, kofe kimi dəmirin sorulmasını pisləşdirən içkilərin qəbulundan uşaqları uzaq tutmalıyıq.