Hərdən qurda görə qapı qapı gəzən valideynləri qınayırıq amma, artıq neçənci dəfədir ki, qurda görə gəzib gəzib axırda mənə gəlib çatan pasientdə "qurd şikayətlərinin" altından elə bir problem çıxır ki, düşünürəm ki, elə yaxşı ki gəzirmişlər.
- Bir pasient 12 yaş, Anası :"Dr uşaq zəifdir,yaxşı yemir, tez yorulur,artmır,böyümür, halsızdır, qurda görə nə qədər müalicə almışıq,xeyri yoxdur,xahiş edirəm elə müalicə edin ki,bu qurd uşaqdan tamamən getsin" Müayinədə bu uşaqda təcili ürək əməliyyatına gedəcək bir ürək qüsuru çıxdı.Yaxşı ki qurda görə həkim-həkim gəzirmişlər.
- İkinci pasientdə ,uşaqda aylardır davam edən halsızlıq, vaxtaşırı yüksələn hərarət, iştahsızlıq,çəki itirmə və əlbəttə qurda görə vərəq-vərəq müalicələr, Və nəticə bu uşaqda "Leykoz" aşkarlanır.
- Digər pasient 13 yaşında, uzun müddətdir qusma,iştahsızlıq, çəki itirmə ,halsızlıq,mədə bağırsaq infeksiyasına görə xəstəxanada yatıb çıxıb,qurda görə bir ton müalicə alıb gəldiyində aşkarlanan diaqnoz təcili əməliyyata getməli olan "Beyin şişi" olur.
Və nəhayət dünən gələn pasient , Şikayətləri:" Qurdu var doktor,nə qədər müalicə alırıq bu uşaq artmır, yaddaşsızdır,qarnı ağrıyır,qəbizdir,saçı tökülür, bu dəfə gətirdik ki, bu uşağı siz müalicə edəsiniz" Müayinədə boy qısalığı da ilk nəzərə çarpan əlamət idi. Əlbəttə ki,ilk ağıla gələn diaqnoz Hipotireoz oldu.Valideyne deyincə də,"Ay doktor,uşaqda zob olur ki?"reaksiyası oldu.Geniş izahatdan sonra analizə razılaşdırdım və nəticə TSH 160 çıxdı.Uşaqda çox ciddi Hipotireoz var imiş.Qalxanabənzər vəzin funksiyasının aşağı olması.Yaxşı ki, qurda görə gəlmişdilər....
Odur ki, övladınızı aylardır "qurddan "müalicə etdirir, və uşaq düzəlmirsə, klinika klinika gəzib imalələr,müxtəlif prosedurlar, qurdu öldürən aparatlar, bitki tərkibli cürbəcür müalicələr,türkəçarələr etməkdənsə,bu qurd şikayətlərinin altında yatan başqa problemi olub olmadığını dəqiqləşdirməyə çalışın.
Yeri gəlmişkən təkrar deyim, qurdun müalicəsi maximum 3-5 günlük dərman müalicəsi ilə aparılır. İnternetdə rastladığınız səhifələrdə gördüyünüz reklamlara qurban verməyin övladınızın sağlığını.Dəyməz o qədər pul xərcləyib( 1 kurs-350 manat deyirlər) uşağın qarnına boş boş tonlarla nə olduğu bəlli olmayan maddələri yeritməyinə...
#deməsəmolmaz