Bu problemlə kiçik yaşlı uşaqların analarının əksər hissəsi üzləşir. Kiçik yaşlı uşaqlar hər bir şeyin "dadına" baxmağı xoşlayırlar.
Adətən uşaqlar kiçik əşyaları - xırda oyuncaqlar və ya oyuncaqların hissələri, xırda pul, düymə, muncuq,daş, meyvə çəyirdəkləri və s. kimi əşyaları udurlar. Əksər hallarda bu uşağın 1 yaşından 3 yaşına kimi baş verir. Məhz bu səbəbdən kiçik hissələri olan oyuncaqların üzərində "3 yaşından yuxarı olan uşaqlar üçün" yazılır.
Adətən kiçik ölçüdə olan, hamar yad cisimlər uşaqda heç bir narahatçılığa, ağrılara və s. pozulmalara səbəb olmur. Əksər hallarda belə yad cisimlər 2-3 gündən sonra özü-özündən nəcis ifrazı zamanı uşağın bağırsaqlarından çıxır. Həkimlə məslətləşdikdən sonra uşağa işlətmə dərmanı vermək olar.
İti və kəsici əşyalar (iynə, sancaq, şüşə və s.) isə çox təhlükəlidir. Onlar mədə-bağırsaq traktında ilişə bilər, onun divarını deşə və ya kəsə bilər. Bu isə ağır fəsadlara gətirib çıxardacaq. Bu səbəbdən əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal "təcili yardım" çağırın. Uşaq özünü yaxşı hiss edə bilər, lakin bu heç də o demək deyil ki, təhlükə yoxdur. Həkim gələnə kimi uşağa yemək və maye verməyin, uşağı uzandırın.
Batareyalar da (xüsusilə diskşəkilli) çox təhlükəlidir. Mədənin turş mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayır ki, bu nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da dərhal "təcili yardım" çağırın.
Udulmuş maqnitlər də çox ağır pozulmalara səbəb olur - mədə-bağırsaq divarların yırtılması, daxili qanaxmalar və s. Hal hazırda uşaqlar üçün maqnitlərlə olan xüsusi ağıllı oyuncaqlar buraxılır. Bu oyuncaqları kiçik yaşlı uşaqlara almayın.
Nisbətən iri və ağır əşyaların (misal üçün, dəmir kürəciklər, iri dəmir pul və s.) udması uşağın səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaradır. Müəyyən müddət ərzində burada qaldıqda bu əşyalar mədə-bağırsaq traktının divarını yırta bilər ki, bu uşağın həyatı üçün təhlükəli olan daxili qanaxmaya səbəb olacaq. Məhz bu səbəbdən uşağın mədə-bağırsaq traktına yad cisim düşdükdə, mütləq onun buradan çıxıb-çıxmadığına fikir verin. Bunun üçün uşağın hər nəcis ifrazına nəzarət etmək lazımdır. Əgər uşaq unitazdan istifadə edirsə, bir müddət ərzində onu güvəcə otuzdurun.
Beləliklə, uşaq iti, kəsici, iri və ağır əşyanı, batareyanı, maqniti udubsa, dərhal həkimə müraciət edin.
Əgər istənilən digər udulmuş əşya 2-3 gün ərzində nəcis ifrazı zamanı uşağın bağırsağından çıxmayıbsa, mütləq həkimə müraciət edin.
Xəstəxanada uşağı cərrah müayinə edəcək. Lazım olduqda cərrah əlavə müayinələri (rentgenoloji, endoskopik müayinələr, USM) təyin edir. Rentgen zamanı yalnız dəmirdən olan yad cisimlər, daşlar, bəzi şüşə növləri görünür, plastmassdan və ağacdan olan əşyalar ilə görünmür.
Uşaq müayinə olunduqdan sonra onun vəziyyəti qiymətləndirilir və uşağa təcili müalicə təyin olunur və ya uşaq xəstəxanada həkimlərin nəzarəti altında qalır (uşağa işlətmə dərmanları verilir və həkim yad cisimin nəcislə çıxıb-çıxmamasına nəzarət edir).
Əgər əşya dərhal xaric olunmalıdırsa, bu məqsədlə endoskop istifadə oluna bilər. Endoskopun köməyi ilə qida borusunda, mədədə və 12 barmaq bağırsağında ilişmiş yad cisim çıxartmaq mümkündür. Əgər yad cisim daha dərin yerdə ilişibsə, laparoskopik üsullardan istifadə oluna bilər.
Bəzən ananın uşağın yad cisim udmasından xəbəri olmur. Hansı simptomlar buna işarə edə bilər?
- uşaqda ürəkbulanması və qusma.
- qarında ağrılar,
- artmız ağız suyunun ifrazı. gəyirmə,
- hərarətin artması,
- nəcisdə qanın və seliyin olması,
- qida qəbulundan imtina.
Belə simptomlar olduqda, vaxt itirmədən cərraha müraciət edin