Ümumiyyətlə uşaqları həkimlərlə, tibb bacıları ilə qorxutmaq qətiyyən düzgün deyil: “Çünki belə olan halda biz müayinə əsnasında çox ciddi problemlər yaşayırıq. Uşaqlar müayinəyə tabe olmur, yəni hər an onlara nə isə zərər verəcəyimiz haqqında düşünür və qorxub fobiyalara qapılır. Bu səbəbdən də valideynlər uşağı həkimə gətirməmişdən öncə bir növ onları psixoloji hazırlamaları lazımdır. Həkim sənə heç nə etməyəcək, həkim insana zərər vermir kimi fikirlər yürütməlidirlər ki, uşaq müayinədə özünü yaxşı aparsın və biz də rahat müayinə apara bilək”. Pediatr vurğulayıb ki, bundan əlavə, eyni zamanda nəyin ki, uşaqlıq dövründə, hətta insanın gələcək dönəmlərində də bu şüuraltında həmişə ciddi bir problem kimi qalır: “İnsan böyük yaşda belə həkimə getdikdə müəyyən dərəcədə qorxur, stressə düşür və ya həkimə getməkdən yayınır, imtina edir. Beləliklə də nəticədə xəstəliklərin gedişatı ciddi bir hal alır. Buna görə də valideynlər heç vaxt həkim və tibb bacıları ilə uşaqların qorxutmamalıdırlar. Əgər doğurdan da tibbi bir müdaxilə olunursa uşaqlara bunu yalnız və yalnız uşağın öz sağlamlığı xeyrinə olduğunu izah edib başa salmalıdırlar. Əksinə bu qorxulardan onları azad etməli, qorxuları yenməyə çalışmalıdırlar”.